Məzmuna keç

Yaşıl çay alarkən bunlara diqqət edin – Keyfiyyətsiz məhsulu necə tanımaq olar? – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Yaşıl çay sağlamlıq üçün faydalı hesab edilsə də, bazarda satılan məhsulların keyfiyyəti və tərkibi eyni deyil. Xüsusilə son istifadə tarixi, istehsal şəraiti, qablaşdırılması və saxlanma qaydaları çayın keyfiyyətinə birbaşa təsir göstərir. Bəzi hallarda istehlakçılar məhsul seçərkən yalnız qiymətə və markaya üstünlük verir, lakin çayın mənşəyinə, yarpaqların vəziyyətinə və tərkibindəki əlavə maddələrə diqqət yetirmirlər.

Bəs yaşıl çay alarkən hansı məqamlara diqqət etmək lazımdır? Keyfiyyətli yaşıl çayı saxtalaşdırılmış və ya aşağı keyfiyyətli məhsuldan necə fərqləndirmək mümkündür?

Mövzu ilə bağlı qida eksperti Səbuhi Məmmədov Sonxeber.az-a açıqlamasında bildirdi ki, yaşıl çay alarkən istehlakçılar ilk növbədə məhsulun istehsal tarixinə, son istifadə müddətinə və qablaşdırılmasına diqqət yetirməlidirlər. Onun sözlərinə görə, çayın keyfiyyətini müəyyənləşdirən əsas amillərdən biri onun düzgün şəraitdə saxlanılmasıdır: “Belə ki, yaşıl çay rütubətə, birbaşa günəş şüalarına və kəskin qoxulara həssas məhsuldur. Bu səbəbdən qablaşdırması zədələnmiş, açıq şəkildə satılan və mənşəyi məlum olmayan çayların alınması məsləhət görülmür. Keyfiyyətli yaşıl çayın yarpaqları adətən təbii rəngini və özünəməxsus ətrini saxlamalıdır. Həddindən artıq parlaq rəng, süni və kəskin qoxu, eləcə də məhsulun tərkibində naməlum əlavələrin olması istehlakçıda şübhə yaratmalıdır. Alıcılar həmçinin məhsulun etiketində göstərilən tərkiblə tanış olmalı, yalnız reklam və qiymətə əsaslanaraq seçim etməməlidirlər.

Yaşıl çayın faydalı hesab olunması onun həddindən artıq istehlakına əsas vermir. Xüsusilə kofeinə həssas insanlar bu içkinin qəbul miqdarına diqqət yetirməlidirlər”.