Partiya sədrindən deputatlara: "Nazirlərin təkliflərinin əleyhinə..."
Xəbər verdiyimiz kimi, Milli Məclis “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.
Sənəd parlamentin dünən və bu gün keçirilən plenar iclaslarında müzakirə olunub və müzakirələrdən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda təsdiqlənib.
Mövzu ilə bağlı “Xəbərsiz”ə danışan Ağ Partiya başqanı, siyasi şərhçi Tural Abbaslı bildirib ki, hazırda Milli Məclisdə 125 deputat var. Onların 67-68-i Yeni Azərbaycan Partiyasının üzvüdür, 30-35-i isə bitərəf mandat daşıyır. Bu siyahıdan kənarda parlamentdə təxminən 10-15 deputat qalır ki, onlar digər partiyaların təmsilçiləridir. Onun sözlərinə görə, həmin partiyaların da yarıdan çoxu özünü iqtidaryönümlü hesab edir. Buna görə də parlamentdə real müzakirə aparacaq deputat demək olar ki, qalmır.
“YAP-ın deputatları öz nazirlərinin gətirdiyi təkliflərin əleyhinə çıxmır və ya çıxa bilmirlər. Bitərəflər isə yenidən parlamentə düşmək üçün nə deyilirsə, onunla razılaşmağa hazır görünürlər. Üstəlik, siyasi bilik və savad baxımından ciddi çatışmazlıqları var. Digər partiyaların da yarısı hökumətin xəttini dəstəklədiyi üçün yerdə cəmi 3-4 partiya qalır. Onlar da danışır, ya yox – bu artıq müzakirə mövzusudur”, – deyə Abbaslı vurğulayıb.
O əlavə edib ki, büdcə müzakirələri siyasi mövqedən deyil, deputatların öz seçicilərinin tələbləri və dairələrindən gələn siqnallar əsasında aparılmalıdır:
“Guya iqtidar deputatının seçicisi əlavə vergi verməyəcəkmi? Verəcək! Guya iqtidar deputatının seçicisi işləmirsə, tibbi sığortasız qalmayacaqmı? Qalacaq! Yaxud bitərəf deputatların dairələrində uşaqpulu almayan uşaqlar yoxdurmu? Var! Elə həmin seçicilər arasında avtomobillərin ölkəyə gətirilməsi zamanı tətbiq edilən vergilərlə razılaşmayan insanlar yoxdurmu? Var! Görünən odur ki, deputatlar daha çox hökumətin xoşuna gəlməyə çalışırlar, nəinki öz seçicilərinin, elektoratının, xalqının. Buna görə də heç kim danışmır”.
Tural Abbaslının sözlərinə görə, deputatlar üçün qeyri-müəyyən “seçici” anlayışındansa konkret Nazir, Nazirlik və nazir müavinləri daha ön plandadır. Bu səbəbdən də parlamentdə ciddi müzakirələr aparılmır, əksinə kimsə danışanda ona qarşı sərt reaksiyalar göstərilir.
O bildirib ki, bütün bu səbəblər partiyaların rolunun artırılmasının zəruriliyini bir daha ortaya qoyur.
Xəbərsiz





