Məzmuna keç

Aİ Rusiyaya qarşı 22-ci sanksiya paketini elan edir: “Kölgə donanması” hədəfdə

Avropa İttifaqı bu gün Rusiyaya qarşı 22-ci sanksiya paketini elan edəcək.

Bu barədə “Euronews” Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.

Yeni məhdudiyyətlər Rusiya banklarını, kriptovalyuta platformalarını və “kölgə donanması”nı əhatə edəcək. Brüssel sənədi Milad tətilinədək razılaşdırmağa çalışır. Buna görə də yeni genişmiqyaslı qadağalardan daha çox mövcud sanksiyaların sərtləşdirilməsinə üstünlük verilir.

Bundan başqa, Rusiyaya sanksiyalardan yayınaraq qadağan olunmuş məhsulların əldə edilməsində kömək edən üçüncü ölkələrin şirkətlərinə qarşı da tədbirlər nəzərdə tutulur. Sanksiyaların icrasına nəzarət üçün Avropa Komissiyasında 50-60 nəfərlik xüsusi bölmə yaradılıb.

Polşa “kölgə donanması”na və kriptovalyutalara qarşı əlavə məhdudiyyətlər, Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin məhdudlaşdırılması, eləcə də rusiyalı idmançıların Aİ yarışlarına buraxılmamasını tələb edir. Varşava həmçinin Ukraynadakı müharibədə iştirak etmiş rusiyalı hərbçilərin Avropa İttifaqına girişinin qadağan olunmasını istəyir.

Fransa isə Rusiyaya benzin ixrac edən şirkətlərə qarşı sanksiyaların tətbiqini təklif edir. Xarici işlər naziri Jan-Noel Barro, o cümlədən Hindistan və Türkiyə vasitəsilə Rusiyaya yanacaq tədarük edən şirkətlərin hədəfə alınmasının vacibliyini bildirib.

Məlumata görə, yeni paketin razılaşdırılması ayrı-ayrı ölkələrin veto qoymasının qarşısını almaq üçün məsləhətləşmələr formatında aparılır. Xatırladaq ki, əvvəlki sanksiya paketinin müzakirəsi zamanı da bu məsələ ciddi fikir ayrılıqlarına səbəb olmuşdu.