3 nömrəli məktəbdə qalmaqal: Summativ üçün pul yığılır?
Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbdə pul yığımı ilə bağlı iddialar səsləndirilib.
“Xəbərsiz” xəbər verir ki, redaksiyamıza daxil olan müraciətdə Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbdə şagirdlərdən summativ qiymətləndirmələr və digər məktəbdaxili işlər üçün pul yığılması ilə bağlı iddialar yer alıb.
Müraciətə əlavə edilən qəbzlər və “WhatsApp” qrup yazışmalarında “Aysel” adlı şəxsin valideynlərdən müəyyən məbləğdə pul tələb etdiyi iddia olunur. Həmin yazışmalarda vəsaitin hansı məqsədlə toplandığına dair məlumatların əks olunduğu bildirilir.
Məsələ ilə bağlı təqdim edilən sənəd və yazışmaların həqiqiliyinin, eləcə də pul yığımı ilə bağlı iddiaların araşdırılmasına ehtiyac olduğu qeyd edilir.
Qeyd edək ki, məktəblərdə şagird və valideynlərdən hər hansı məcburi pul vəsaitinin toplanmasına yol verilmir. İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq. //Avantaj.media





