Azərbaycanda güzəştli kreditlər müxtəlif dövlət proqramları çərçivəsində müəyyən kateqoriyadan olan vətəndaşlara və sahibkarlara təqdim olunur. Bu kreditlər aşağı faiz dərəcələri, daha uzun ödəmə müddətləri və bəzi hallarda güzəşt dövrləri ilə adi kreditlərdən fərqlənir. Lakin onlardan yararlanmaq üçün müəyyən tələblərə cavab vermək, müvafiq sənədləri təqdim etmək və kreditin təyinatına uyğun şərtləri yerinə yetirmək lazımdır.
Bəs, güzəştli kreditlərdən hansı kateqoriyadan olan şəxslər yararlana bilər və müraciət zamanı hansı şərtlər tələb olunur? Bu kreditlərin faiz və ödəmə müddətləri adi kreditlərlə müqayisədə nə dərəcədə sərfəlidir və aztəminatlı ailələrin, gənclərin, eləcə də biznesə başlamaq istəyən şəxslərin maliyyə yükünü nə qədər azalda bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, Azərbaycanda bir neçə növ güzəştli kredit mövcuddur.
“Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Mənzil İnşaat Dövlət Agentliyinin xətti ilə güzəştli ipoteka kreditləri təklif olunur. Bu kreditlərin bir növü illik 4 faizlə, 100 min manatadək, 30 ilədək müddətə və minimum 10 faiz ilkin ödənişlə verilir. Digər ipoteka kreditinin illik faiz dərəcəsi 8 faiz, maksimal məbləği isə 250 min manatdır. Yəni müəyyən kateqoriyadan olan şəxslər 4 faizli güzəştli kreditdən yararlana bilir, digərləri üçün isə bu imkan nəzərdə tutulmur.
Təhsil sahəsində Təhsil Tələbə Krediti Fondu vasitəsilə tələbələrə güzəştlər tətbiq edilir. Sosial həssas qruplara aid tələbələr üçün 50 faizədək, digər tələbələr üçün isə 25 faizədək güzəşt imkanı mövcuddur. Kreditin əsas məbləğinin geri ödənilməsi üçün təhsil müddətini və müəyyən əlavə dövrü əhatə edən müddət nəzərdə tutulur.
Sahibkarlığın inkişafı istiqamətində isə əvvəllər Sahibkarlığın İnkişafı Fondu adlanan, hazırda Azərbaycan Biznesinin İnkişafı Fondu kimi fəaliyyət göstərən qurumun xətti ilə güzəştli kreditlər verilir. Ümumi şərtlərə əsasən, illik faiz dərəcəsi 5 faizədək, güzəşt müddəti isə 5 ilədək ola bilər. İşğaldan azad edilmiş ərazilər üzrə xüsusi şərtlər mövcuddur. Bu ərazilərdə 10 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5 faizlə kreditlər təqdim olunur.
Kənd təsərrüfatı sahəsində Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə faiz subsidiyaları tətbiq edilir. Kredit faizinin 19 faizə qədər olan hissəsi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bundan başqa, aqrar lizinq imkanları da mövcuddur. Bu çərçivədə 7 ilədək faizsiz lizinq təklif olunur, damazlıq heyvanların alınması zamanı isə onların dəyərinin 60 faizədək hissəsinə güzəşt tətbiq edilir”.










