Məzmuna keç

Avtobus və metroda oturacaq davasına son? – Qaydalar bəlli oldu

İctimai nəqliyyatda böyüklərə və ehtiyacı olanlara yer vermək məsələsi zaman-zaman cəmiyyətdə müzakirə və mübahisə mövzusuna çevrilir. Bir qrup insan gəncləri yer verməməkdə ittiham edir, digər qrup isə bu davranışın məcburi olmadığını bildirir.

Mövzu ilə bağlı sosioloq Nailə İsmayılovanın sözlərinə görə, böyüklərin gənclərə yuxarıdan aşağı baxaraq, sanki onların yer verməyə məcbur olduqlarını düşünməsi gənclərdə yaşlılara yer vermək istəyini azalda bilər.

Sosioloqun fikrincə, bu cür hallar sosial dəyərlərin və qarşılıqlı hörmət anlayışının dəyişməsi ilə əlaqədardır. O hesab edir ki, müasir həyat tərzi və rəqəmsal vərdişlər ictimai məkanlardakı davranışlara da təsir göstərir:

“Müasir gənclər daha çox fərdi azadlığa, şəxsi sərhədlərə və öz rahatlıqlarına üstünlük verirlər. Əlbəttə, bu, əslində, müasir cəmiyyətin təbii xüsusiyyətidir. Ancaq problem ondadır ki, bəzən şəxsi azadlıq başqalarının ehtiyaclarına qarşı laqeydliklə qarışdırılır.

Rəqəmsal mühitin və sosial şəbəkələrin təsiri ilə insanların bir hissəsi ətrafında baş verən hadisələrə daha az diqqət yetirir. İctimai nəqliyyatda hər kəsin öz telefonuna qapanması da təbii ki, bunun müəyyən göstəricisidir”.

İctimai nəqliyyatda kimə yer vermək məcburidir?

Bakı metropolitenindən istifadə qaydalarına görə, qatarda sərnişinlər əlilliyi olan şəxslərə, qocalara, hamilə qadınlara və uşaqlı sərnişinlərə oturmağa yer verməlidirlər. Yəni metroda bu, birbaşa sərnişinin vəzifəsi kimi göstərilib.

Hətta bu kateqoriyalara aid sərnişinlər onlar üçün nəzərdə tutulmuş xüsusi yerlərin digər sərnişinlər tərəfindən boşaldılmasını tələb edə bilərlər.

Bəs avtobusda?

Şəhərdaxili avtobuslarda məktəbəqədər yaşlı uşağı olan sərnişinlər, hamilə qadınlar, əlilliyi olan şəxslər və ahıllar üçün xüsusi oturacaqlar nəzərdə tutulur. Qaydalara əsasən, sərnişin həmin yerləri onların tələbi ilə boşaltmalıdır.

İctimai nəqliyyatda böyüklərə və əyləşməyə ehtiyacı olanlara yer vermək məsələsi, yəqin ki, yenə də zaman-zaman müzakirə mövzusu olacaq. Yaşlılar gəncləri qınayacaq, gənclər də öz düşüncələrinə haqq qazandıracaqlar. Ən yaxşısı isə avtobusda əyləşməyə ehtiyacı olan şəxsə yer verməkdir. Könülləri xoş etmək, əyləşməkdən daha xoşdur.