Hindistanın Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək istəyi enerji və nəqliyyat marşrutları ilə yanaşı, Cənubi Qafqazda mövqelərini gücləndirmək planları ilə də bağlıdır. Dehlinin Bakı ilə dialoqu genişləndirməsi iki ölkə arasında əvvəlki fikir ayrılıqlarının aradan qaldırılması üçün də yeni imkanlar yarada bilər.
Bu barədə politoloq Elxan Şahinoğlu Azərbaycan-Hindistan münasibətlərini şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın Azərbaycana səfərini Hindistanın baş naziri Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində Prezident İlham Əliyevlə dialoqunun davamı kimi qiymətləndirmək olar.
Politoloq diqqətə çatdırdı ki, Cayşankarın məhz Narendra Modinin təlimatı ilə Bakıya gəldiyini bildirməsi təsadüfi deyil. Onun fikrincə, Hindistan Azərbaycanla ticarət əlaqələrini, o cümlədən enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyir.
“Hindistan şirkətləri neft-qaz sektoruna investisiya yatırmağa maraq göstərir” açıqlamasının da bu niyyətdən xəbər verdiyini deyən Şahinoğlu xatırlatdı ki, Hindistan bir neçə il əvvəl Azərbaycan neftinin əsas alıcılarından biri olub və iki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşıb.

Politoloqun sözlərinə görə, İran və Hörmüz boğazı ətrafındakı gərginlik Hindistanın neftə olan tələbatını artırıb. Dehli İran və Körfəz ölkələrindən tədarükü əvəzləmək üçün Rusiyadan daha ucuz neft alsa da, alternativ mənbələr axtarmaqda davam edir. Bu baxımdan Hindistanın Azərbaycandan daha çox neft almaqda maraqlı olduğu ehtimal edilir.
Şahinoğlu Mərkəzi Asiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına daşınmasının da Hindistanın diqqətini çəkdiyini vurğuladı.
Nəqliyyat dəhlizləri Hindistanın diqqətindədir
Politoloq qeyd etdi ki, Hindistan beynəlxalq nəqliyyat dəhlizlərinə xüsusi əhəmiyyət verir. Bu baxımdan Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizi diqqətəlayiqdir.
O bildirdi ki, İran və Hindistan 2024-cü ildə Çabahar limanının idarə edilməsinə dair saziş imzalayıb. Razılaşmaya əsasən, Hindistan limanın yenidən qurulmasına 500 milyon dollar investisiya yatırmalı idi.
Şahinoğlunun fikrincə, İran ətrafında hərbi qarşıdurma və gərginliyin davam etməsi Hindistanın limanın yenidən qurulması planlarını müvəqqəti təxirə salmasına səbəb olsa da, Dehli bu layihədən imtina etməyib.
Politoloq hesab edir ki, Çabahar limanı Hindistana Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya bazarlarına çıxış imkanları yarada bilər. Bu amil də Hindistan hökumətinin Azərbaycanla dialoqu və əməkdaşlığı genişləndirmək qərarına təsir göstərir.
Cənubi Qafqazın açar dövləti Azərbaycandır
Elxan Şahinoğlu Hindistanın Azərbaycanla Ermənistan arasında münasibətlərdə balansı qorumasının ikitərəfli əməkdaşlığa müsbət təsir göstərə biləcəyini bildirdi:
“Fransanın nümunəsində göründü ki, yalnız Ermənistanla sıx əlaqələr üzərindən Cənubi Qafqazda möhkəmlənmək mümkün deyil. Cənubi Qafqazın açar dövləti Azərbaycandır və istənilən dövlət Cənubi Qafqazda möhkəmlənmək istəyirsə, ilk növbədə Azərbaycanla əməkdaşlığa əhəmiyyət verməlidir”.
Onun fikrincə, Yeni Dehli bu reallığı qəbul edib və Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışır.
Şahinoğlu hesab edir ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi siyasi müstəvidə fikir ayrılıqlarının aradan qaldırılmasına da kömək edə bilər. Bununla yanaşı, Azərbaycan və Hindistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını inkişaf etdirmək üçün də imkanlar mövcuddur.










