Braziliyanın Riu-Qrandi-du-Sul ştatında şiddətli qasırğa üç nəfərin həyatına son qoyub və Tupansiretan şəhərində kütləvi dağıntılar yaradıb. Təxminən 60 sakin xəsarət alıb, minlərlə ailə isə evsiz qalıb. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq məqsədilə federal hökumət bölgəyə əlavə qüvvələr səfərbər edib.
Bu barədə yerli orqanlara istinadən “Agência Brasil” məlumat yayıb.
Təbii fəlakət şəhərə noyabrın 20-si gecə saatlarında ziyan vurub. Küləyin sürəti saatda 114 kilometrə çatıb. Mer Qustavu Terranın hesablamalarına görə, mövcud 8 min 600 yaşayış evindən təqribən 8 mini zədələnib və ya dam örtüyü uçub. Küçələrdə 100-ə yaxın ağac aşıb, rabitə və elektrik xətləri sıradan çıxıb. Yerli xəstəxanaya da ciddi ziyan dəyib: güclü külək binanın damını qoparıb, ikinci mərtəbəni və əməliyyat blokunu dağıdıb. Tibb müəssisəsi təcili xəstələrin qəbulunu davam etdirsə də, 11 nəfər qonşu bələdiyyələrin xəstəxanalarına təxliyə olunub.
Ümumilikdə 300-dən çox sakin tibbi yardım üçün müraciət edib. Ştat qubernatoru Eduardu Leyte aztəminatlı ailələrə dəstək üçün əlavə 5 milyon real vəsait ayrıldığını bəyan edib. “CadÚnico” sosial proqramında qeydiyyatdan keçmiş vətəndaşların hər biri 2 500 real alacaq.
Bundan əvvəl təxirəsalınmaz bərpa işləri üçün bölgəyə daha 2 milyon real yönəldilmişdi. Mövcud 9 367 elektrik enerjisi abonentindən 9 295-i işıqsız qalıb. Fırtına kənd təsərrüfatından da yan keçməyib: qarğıdalı və soya tarlalarına, taxıl anbarlarına, eləcə də təsərrüfat tikililərinə zərər dəyib. Fəsadların aradan qaldırılması prosesinə federal hökumət də cəlb olunub.
Prezident Luis İnasiu Lula da Silva ştata mülki müdafiə üzrə mütəxəssislərin və SUS (Milli Səhiyyə Sistemi) qüvvələrinin göndərilməsi barədə göstəriş verib. Mütəxəssislər kütləvi dağıntıların dəqiq səbəblərini araşdırmağa davam edirlər. Tornado ehtimalı hələ təsdiqlənməyib.










