Azərbaycanın qədim mədəniyyət beşiyi olan Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının IV Əməkdaşlıq Forumu keçirildi.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə keçirilən tədbirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 400-dən çox vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan forum dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, QHT sektorunun institusional inkişafı, yeni təşəbbüslərin irəli sürülməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm platforma olub.
Forum çərçivəsində rəqəmsallaşma, sosial media və süni intellekt bacarıqlarının inkişafı, milli maraqların qorunmasında QHT-lərin rolu, eləcə də WUF13-ün təcrübəsinin ictimai təşəbbüslərə tətbiqi istiqamətində panel müzakirələri aparılıb.
Tədbirin mənəvi və tarixi məzmunu da xüsusi diqqət çəkib. Forum iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və Gəncə Memorial Kompleksini ziyarət edərək xalqımızın tarixi yaddaşına və şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Proqram çərçivəsində mina qurbanlarının iştirakı ilə amputant futbol oyununun izlənilməsi, həmçinin “Böyük Qayıdış” prosesinə həsr olunan “Sabaha doğru” sənədli filminin təqdimatı da keçirilib. Bu tədbirlər vətəndaş cəmiyyətinin sosial məsuliyyətini, humanizm və həmrəylik dəyərlərinə bağlılığını nümayiş etdirib.
Forumun yekununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Gəncədə keçirilən IV Əməkdaşlıq Forumu bir daha göstərdi ki, güclü vətəndaş cəmiyyətinin formalaşması dövlətin və cəmiyyətin birgə səylərindən, sağlam əməkdaşlıq mühitindən və ortaq məsuliyyətdən keçir.
Bu forum yalnız təşkilatların görüşü deyil, həm də yeni ideyaların, tərəfdaşlıqların və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm bir platforma kimi yadda qaldı.
Güclü vətəndaş cəmiyyəti – güclü dövlət və sağlam cəmiyyət deməkdir!
Gülşən Behbud – QHT sədri, şəhid bacısı










