30 yaşdan sonra skrab və turşulardan tez-tez istifadə etmək qırışları daha nəzərəçarpan edə bilər.
Bu barədə həkim-kosmetoloq Anastasiya Savina bildirib.
Mütəxəssisin sözlərinə görə, bu yaşdan etibarən dəridə kollagen və elastin istehsalı azalır, hüceyrələrin yenilənməsi ləngiyir və dəri nəmi daha çətin saxlayır. Yanlış qulluq və qeyri-sağlam həyat tərzi isə yaşlanma əlamətlərini daha da nəzərəçarpan edə bilər.
Savina qeyd edib ki, skrablardan və turşulardan həddindən artıq istifadə, tərkibində spirt olan vasitələrin tətbiqi, eləcə də bir neçə aktiv komponentin eyni vaxtda istifadəsi dərinin qoruyucu baryerinə zərər verə bilər. Nəticədə qıcıqlanma, quruluq və qabıqlanma yaranır, hətta xırda qırışlar belə daha aydın görünür.
Kosmetoloq dərini qorumaq üçün ilboyu SPF 30 və daha yüksək qoruma göstəricisi olan günəşdən qoruyucu vasitələrdən istifadə etməyi, siqaretdən uzaq durmağı tövsiyə edib.










