Niyə gündə 5 dəfə..? - Ziyafət Əlisoy yazır
Dünyada, eləcə də ölkəmizdə illərdir vətəndaşlar nağdsız ödənişlərə təşviq edilir.
Bununla bağlı reklamlar çəkildi, kampaniyalar aparıldı, vətəndaşlara deyildi ki, kartdan istifadə edin, elektron ödəniş edin, rəqəmsallaşın. İndi isə şərtlər dəyişir: həmin vətəndaşa deyilir ki, “bu qədər də yox…”
Avqustun 1-dən kartdan-karta köçürmələrə tətbiq olunan yeni limitlər cəmiyyətə “təhlükəsizlik” adı ilə təqdim edilir.
Səbəb kimi isə fırıldaqçılıq, qanunsuz mərc oyunları və vergidən yayınma göstərilir.
Bu halda məni belə bir sual düşündürür: cinayətkarı tapmaq üçün niyə milyonlarla vətəndaşın maliyyə azadlığı məhdudlaşdırılır?
Ən qəribəsi isə budur ki, bu qədər ciddi qərar qəbul olunur, amma cəmiyyətin böyük əksəriyyəti bundan xəbərsiz qalır.
Bankların çoxu müştərilərinə əvvəlcədən məlumat vermədi, hələ indi də bir çox bankdan xəbər yoxdur. Geniş ictimai izahat aparılmadı. Vətəndaş yeni qaydanı əməliyyat edə bilməyəndə öyrənməlidir?
Şəffaflıqdan danışılırsa, əvvəlcə qərarların qəbulunda şəffaf olmalıyıq.
Gündə maksimum beş kartdan-karta əməliyyat…
Niyə beş?
Bu rəqəm hansı iqtisadi araşdırmaya, hansı statistikaya, hansı elmi əsaslandırmaya söykənir?
Niyə altı yox, yeddi yox, on yox? Məhz beş?
Bu sualların cavabı ictimaiyyətə təqdim edilməyib.
Hər hansı məntiqi açıqlamanı da görmürük.
Bəlkə, elə insanlar var ki, gün ərzində ailə üzvlərinə, valideynlərinə, övladlarına, müxtəlif xidmətlərə və ya işçilərinə hissə-hissə ödəniş edirlər. Onların hamısı indi bu limitə uyğunlaşmalıdır?
20 min manat aylıq limit də eyni sualları doğurur.
Əgər məqsəd cinayətkarlıqla mübarizədirsə, doğrudanmı qanunsuz fəaliyyət göstərənlər kartdan-karta köçürmələrlə işləyirlər? Peşəkar dələduzlar və qanunsuz şəbəkələr bu qədər sadə üsullardan istifadə edirlərsə, onları aşkarlamaq üçün milyonlarla vətəndaşa məhdudiyyət tətbiq etmək yeganə çıxış yoludur?
Düşünürəm ki, başqa yollar da var. Hər zaman olub, yenə də olacaq.
Bu qərarın başqa bir tərəfi də var.
İllərlə vətəndaşlada “nağdsız ödəniş edin” deyildi. İndi isə həmin sistemə müxtəlif məhdudiyyətlər qoyulur. Bu, rəqəmsal iqtisadiyyata inamı artırır, yoxsa azaldır?
Kiçik sahibkarları, online sayış edən şəxsləri də unutmayaq. Bu gün yüzlərlə kiçik biznes sahibi POS-terminal əvəzinə kartdan-karta ödəniş qəbul edir. Onların fəaliyyəti necə olacaq? Bunun üçün alternativ mexanizm təqdim olunubmu?
Bu gün kartdan-karta limit qoyuldu, sabah başqa hansı məhdudiyyət tətbiq ediləcək?
Heç kim fırıldaqçılığın, qanunsuz mərc oyunlarının və vergidən yayınmanın müdafiəsini etmir. Əksinə, bunlarla ən sərt şəkildə mübarizə aparılmalıdır. Amma cinayətkar hədəfə alınsa, daha yaxşı olar. Nəyinki bütün cəmiyyət…
Qanunsuzluq edənlərə qarşı mübarizə aparmaq hər birimizin borcudur. Amma bu mübarizənin yükünü qanuna əməl edən milyonlarla vətəndaşın çiyinlərinə yükləmək doğru yanaşma deyil.
Ümid edirəm ki, bu qərarın tətbiqi zamanı yaranacaq suallar və narahatlıqlar nəzərə alınacaq. Çünki məqsəd insanlara çətinlik yaratmaq yox, problemi həll etmək olmalıdır.
Ziyafət Əlisoy





