Məzmuna keç

“Starlink” qalmaqalı: Ukraynaya badalağı kimin vurduğu bəlli oldu

Ukrayna ordusu tərəfindən istifadə edilən “Starlink” peyk sisteminin hərbi versiyasının sürətinin azaldılmasını amerikalı sahibkar İlon Mask əmr edib.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ rəsmilərinə və məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Hesabatda deyilir: “Mənbələr bildirib ki, ötən həftə Mask Ukrayna avadanlıqlarının peyk şəbəkəsinə qoşulma sürətini məhdudlaşdırıb və bu da bəzi hücum və tutucu dronları faktiki olaraq yararsız hala gətirib”.

Aydınlaşdırılır ki, Mask qərar verilməzdən əvvəl ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının yüksək vəzifəli üzvləri ilə “Starlink” məhdudiyyətlərini müzakirə etmiş ola bilər. Məhdudiyyətlər haqqında məlumat ictimaiyyətə açıqlandıqdan sonra Ağ Evdə əmri kimin verdiyi ilə bağlı çaşqınlıq yaranıb.

Eyni zamanda, “SpaceX” nümayəndələri hadisə ilə bağlı ortaq mövqedə razılığa gəlmək üçün Ağ Ev rəsmiləri ilə əlaqə saxlayıblar. Mask özü “X” sosial media platformasında “Starlink”in sürət və istifadə məhdudiyyətlərinin ABŞ ordusu və nəticə etibarilə ABŞ prezidenti tərəfindən müəyyən edildiyini bildirib.

ABŞ dövlət katibi Marko Rubio oktyabrın 21-də bildirib ki, administrasiya “Starlink”in işinin yavaşlatılmasını tələb etməyib və qərardan əvvəlcədən xəbərdar olmayıb.