Qulağın, böyrəküstü vəzilərin, baş beynin və mərkəzi sinir sisteminin digər hissələrinin bədxassəli şişləri kişilər və qadınlar arasında ən nadir rast gəlinən onkoloji xəstəliklər sırasına daxildir.
Bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin baş onkoloqu, tibb müəssisəsinin baş direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin RİA Novosti agentliyinə bildirib.
“Yetkin əhali arasında xəstələnmə hallarının statistik strukturundan danışsaq, həm kişilərdə, həm də qadınlarda ən nadir rast gəlinən xəstəliklərə qulağın strukturlarının, böyrəküstü vəzilərin, baş beynin və mərkəzi sinir sisteminin digər hissələrinin bədxassəli yenitörəmələri aiddir”, — mütəxəssis izah edib.
Kaprin vurğulayıb ki, bu xəstəliklərin az yayılması onların onkoloqlar üçün əhəmiyyətini azaltmır. Nadir hallarda rast gəlinən xəstəliklər mütəxəssislərin xüsusi diqqətini tələb edir. Onun sözlərinə görə, məsələn, regional klinikada çalışan həkim bütün karyerası ərzində müəyyən nadir şiş növü olan cəmi bir neçə pasiyentlə qarşılaşa bilər.










