Məzmuna keç

Kredit faizləri ucuzlaşacaq? Mərkəzi Bankın növbəti qərarı nəyi dəyişəcək? – İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması kredit bazarında faizlərin ucuzlaşması ilə bağlı gözləntiləri yenidən gündəmə gətirib. Növbəti faiz qərarının dekabrın 23-də açıqlanacağı gözlənilir. Uçot dərəcəsinin dəyişdirilməsi bankların kredit siyasətinə, eləcə də əhalinin və sahibkarların borclanma imkanlarına təsir göstərə bilər.

Bəs qarşıdakı iclasda uçot dərəcəsinin aşağı salınması mümkündürmü? Bu addım istehlak və biznes kreditlərinin faizlərinə necə təsir edə bilər?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Mərkəzi Bankın uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması onu göstərir ki, hazırkı mərhələdə tənzimləyici inflyasiya risklərini və makroiqtisadi sabitliyi nəzərə alaraq ehtiyatlı pul-kredit siyasətinə üstünlük verir. Onun sözlərinə görə, uçot dərəcəsinin aşağı salınması mümkündür, lakin bunun üçün ilk növbədə inflyasiyanın davamlı şəkildə zəifləməsi, qiymət artımlarına təsir edən risklərin azalması və manatın məzənnə sabitliyinin qorunması üçün əlverişli şərait formalaşmalıdır: “Uçot dərəcəsinin azaldılması kredit faizlərinin də ucuzlaşmasına müəyyən zəmin yarada bilər. Çünki Mərkəzi Bankın faiz siyasəti bankların maliyyə resurslarının qiymətinə və ümumi pul bazarına təsir göstərir. Lakin burada bir vacib məqam var: uçot dərəcəsi ilə bankların vətəndaşlara və sahibkarlara verdiyi kreditlərin faizləri arasında birbaşa və avtomatik əlaqə yoxdur. Banklar kredit faizlərini müəyyənləşdirərkən cəlb etdikləri əmanətlərin dəyərini, əməliyyat xərclərini, kreditlərin geri qaytarılmaması riskini, likvidlik vəziyyətini və mənfəət marjasını da nəzərə alırlar. Hazırkı göstəricilərə baxdıqda, dekabrın 23-də uçot dərəcəsinin aşağı salınması ehtimalını tam istisna etmək olmaz. Belə ki, Mərkəzi Bankın məlumatına görə, illik inflyasiya sentyabrda 5,5 faiz olduğu halda, oktyabrda 5,2 faizə enib. Bu, faizlərin azaldılması üçün müəyyən imkan yaradır. Digər tərəfdən, xarici bazarlarda ərzaq və enerji qiymətlərinin dəyişməsi, geosiyasi risklər və idxal inflyasiyası Mərkəzi Bankı ehtiyatlı davranmağa vadar edə bilər.

Mənim fikrimcə, uçot dərəcəsinin tədricən aşağı salınması perspektivi var, amma bunun kredit bazarında dərhal ciddi ucuzlaşma yaradacağını gözləmək doğru olmaz. Azərbaycanda kredit faizlərinin yüksək olmasının səbəbləri təkcə Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı deyil. Bank sektorunda rəqabətin səviyyəsi, əmanətlərin cəlb edilməsi xərcləri, kredit riskləri və bankların mənfəət marjası da mühüm rol oynayır. Buna görə də kreditlərin real şəkildə ucuzlaşması üçün bank sektorunda rəqabət güclənməli, maliyyə resurslarının dəyəri azalmalı və kredit riskləri aşağı düşməlidir. Əslində, uçot dərəcəsinin aşağı salınması iqtisadiyyatda kreditləşməni stimullaşdırmaq üçün alətlərdən biridir. Kreditlərin ucuzlaşması isə həm əhalinin istehlak imkanlarını, həm də sahibkarların investisiya fəallığını artıra bilər. Xüsusilə kiçik və orta sahibkarlıq üçün daha əlçatan kreditlər istehsalın genişlənməsinə və yeni iş yerlərinin açılmasına müsbət təsir göstərə bilər. Ancaq bunun üçün faizlərin yalnız nominal olaraq deyil, real iqtisadi şərtlər baxımından da aşağı düşməsi vacibdir”.