Şəxs vəfat etdikdə onun yalnız əmlakı deyil, bəzi maliyyə öhdəlikləri və borcları da vərəsəlik məsələsinin bir hissəsinə çevrilir. Mirası qəbul edən vərəsələr mərhumun kreditorları qarşısında məsuliyyət daşıya bilərlər. Lakin bu məsuliyyətin hüquqi hədləri var və hər bir borc avtomatik olaraq vərəsələrin şəxsi öhdəliyinə çevrilmir.
Bəs, vəfat edən şəxsin bank kreditləri, digər şəxslərə olan borcları və maliyyə öhdəlikləri hansı qaydada vərəsələrə keçir? Vərəsələr mərhumun borclarını öz şəxsi vəsaitləri hesabına ödəməlidirlərmi, yoxsa məsuliyyət yalnız qəbul etdikləri mirasın dəyəri ilə məhdudlaşır? Vərəsə borcları ödəmək istəmədikdə hansı hüquqi imkanlardan istifadə edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, vəfat etmiş şəxsin borclarının vərəsələrə keçməsi məsələsi vərəsəlik hüququnun mühüm və hüquqi baxımdan həssas istiqamətlərindən biridir.
“Ümumi hüquqi prinsipə görə, şəxs vəfat etdikdə onun yalnız əmlak hüquqları deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlaka daxil olan öhdəlikləri də vərəsəlik münasibətlərinin predmetinə çevrilir.
Lakin burada mühüm bir məqam var: vərəsə miras qoyanın borclarına görə avtomatik və qeyri-məhdud qaydada məsuliyyət daşımır. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti qəbul etdikləri mirasın dəyəri ilə məhdudlaşır. Başqa sözlə, vərəsə mirasdan əldə etdiyi əmlakın dəyərindən artıq məbləğdə mərhumun borclarını öz şəxsi vəsaiti hesabına ödəməyə borclu hesab edilə bilməz.
Bununla yanaşı, borcun hüquqi xarakteri də nəzərə alınmalıdır. Mərhumun ölümü ilə xitam tapan, sırf şəxsi xarakter daşıyan öhdəliklər vərəsələrə keçmir. Kredit, bank borcu və digər əmlak xarakterli öhdəliklər isə qanunvericiliyin tələblərinə uyğun olaraq mirasın tərkibinə daxil ola bilər.
Digər mühüm məsələ mirasdan imtina hüququdur. Qanunla müəyyən edilmiş şərtlər və müddətlər çərçivəsində vərəsə mirası qəbul etməkdən imtina edə bilər. Bu baxımdan, vərəsəlik məsələsində qərar verməzdən əvvəl mirasın həm aktivlərinin, həm də öhdəliklərinin araşdırılması vacibdir.
Nəticə etibarilə, vərəsəlik yalnız mərhumun əmlakını əldə etmək hüququ deyil, eyni zamanda qanunla müəyyən edilmiş maliyyə öhdəliklərinin də hüquqi varislik qaydasında qəbul edilməsidir. Əsas prinsip isə ondan ibarətdir ki, heç bir vərəsə sırf qohumluq faktına görə mərhumun borcuna görə qeyri-məhdud məsuliyyət daşımır”.










