15 may tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimlər üçün beynəlxalq səviyyəli mühazirə təşkil olunacaq.
Mühazirəni Rusiya Federasiyasının Rostov-na-Donu şəhərindən dəvət olunmuş mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Nataliya Aleksandrovna Moskvicheva aparacaq. Bakı şəhərində anadan olan mütəxəssis uzun illərdir müalicəvi pedaqogika sahəsində elmi-praktik fəaliyyət göstərir. O, Rostov Tibb İnstitutunda ali təhsil almış, daha sonra Sankt-Peterburqda V.M. Bexterev adına institutda psixiatriya və psixoterapiya üzrə ixtisaslaşmışdır. Eyni zamanda İsveçrə və Almaniyada müalicəvi pedaqogika üzrə beynəlxalq təlimlərdə iştirak etmişdir.
1996-cı ildə onun təşəbbüsü ilə Rostov-na-Donu şəhərində “Sveça” (“Şam”) müalicəvi pedaqogika və sosial terapiya mərkəzi yaradılmışdır. Onun elmi fəaliyyəti bu sahədə uzunillik praktik təcrübəyə əsaslanır.
“Müalicəvi pedaqogika: xüsusi qayğıya ehtiyacı olan şəxslərə peşəkar yardımın göstərilməsi, onların inkişafı üçün əlverişli şəraitin yaradılması, həyat keyfiyyətinin yüksəldilməsi və cəmiyyətə inteqrasiyası” mövzusuna həsr olunacaq mühazirədə müalicəvi pedaqogikanın multidissiplinar mahiyyəti, kompleks yanaşmalar və mütəxəssislərarası əməkdaşlıq məsələləri geniş şəkildə işıqlandırılacaq.
Qeyd olunmalıdır ki, bu mühazirə Azərbaycanda müalicəvi pedaqogika istiqamətində keçirilən ilk tədbirlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.
Tədbir 15 may tarixində saat 17:00-da Azərbaycan Dövlət Pedaqoji Kollecində keçiriləcək.
Bu kimi beynəlxalq mühazirələrin təşkili müəllimlərin peşəkar inkişafına, inklüziv təhsilin təşviqinə və müasir pedaqoji yanaşmaların tətbiqinə mühüm töhfə verir.
Əlaqə üçün:
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Bakı şəhəri, İnşaatçılar pr. 45
Tel.: (+994 12) 539 11 71
E-mail: info@adpk.edu.az

















